Friday, September 13, 2013

Sobada bişirilmiş əla kartof

Salam Əziz Oxucu

Yay tətili bitdi və təbii olaraq mənim tətilim də bitdi. Yeniden bloqda yeni meqalələrimə qayıdıram.

Bu dəfə qıraqdan çox sadə görünən, lakin çox adamın elə də dəqiq bilmədiyi sadə bir resepti yerləşdirəcəyəm. Bunu mənə Amerikada təhsil alarkən "barbekyu" (orijinal adı: BBQ, barbeque) yerlərindəki ləziz yeməklərin xatirələri vadar etdi.

Barbeque manqalda xüsusi sousla bişirilmiş xörəklər idi və qarnir olaraq demək olar ki, bütün barbeque yerləri oz manqalda bişirilmiş kartofu ilə fəxr edə bilərdi, çünki sadəliyinə baxmayaraq, bu qabığı duzla xırçıldayan, amma içərisi pambıq kimi yumşaq olan kartofu hamı, həmişə sifariş edirdi.

Manqalda çox dadlı alınmasına baxmayaraq, bu kartofu sobada da hazırlamaq mümkündür. Və sizi daha çox yormadan reseptə keçirəm.


İnqredientlər:

- Kartof
- bitki yağı (zeytun yağı məsləhət görülmür!!!)
- dəniz duzu

bişdikdən sonra

-kərə yağı
- xama (el dilində: smetan )
- istənilən içlik

Hazırlanması:
Sobani 190 dərəcə qizmaga qoyun. 

1. Kartofu və ya kartofları tərtəmiz yuyun. Sizə bir sirrimi açım. Kartof, çuğundur kimi köklü tərəvəzləri yuyarkən ehtiyatlı olmaq şərtdir, çünki torpaqla örtülü olurlar. Ona görədə mağazalarda xüsusi fırçalardan ala bilərsiniz, amma ki, əgər fırça axtarmaq imkanınız və ya həvəsiniz yoxdursa, sizə sadə alət deyim: qab yumaq üçün olan xüsusi süngərlərdən alın və birini xüsusi olaraq tərəvəzlər üçün ayırın. Kartofun qabığını tərtəmiz yuyun və təmizləyin, çünki sonra qabığı da nuş edə bilərsiniz.


2. Növbəti addımda isə mətbəx salfeti ilə bitki yağına batırıb kartofların üzərini yağla örtün. Mən təmiz keyfiyyətli günəbaxan yağından istifadə etdim. Siz belə üsulla kartofları yağlayanda həm əlləriniz təmiz qalacaq, həm də yağdan lazım olandan çox istifadə etmiş olmayacaqsınız.

3. Beləliklə kartoflar yağlandı və buradan sonrakı addim tamamilə zövqünüzə uyğun olaraq davam edə bilər. Duz sevmirsinizsə, kartofları bişirmə qabına yığıb 50 dəqiqə ərzində bişmək üçün sobaya yerləşdirin, amma duzlu qabıq istəyirsinizsə, onda üst tərəfdən dəniz duzu ilə kartofları duzlayın və yenə də sobaya yerləşdirib 50 dəqiqə bişməsini gözləyin.
 
 

4. Sobadan kartofları çıxarın və hardasa 5 dəqiqə gözləyin, amma çox yox. Sonra isə astaca olaraq üzəri ilə bıçaqla yarıq açın. Yarığı açandan sonra astaca, özünüzü yandırmadan kartofun hər iki sonundan mərkəzinə doğru barmaqlarınızla basin. Bu zaman kartof sanki açılacaq.
 

5. Bundan sonra əyləncəli hissə gəlir. Kartofu necə istəsəniz doldura bilərsiniz, amma ki, mənim ən sevdiyim üsul aşağıdakı kimidir:
 
Kartofun içərisinə azca kərə yağı, xama, holland pendiri, zeytun (istənilən növ) və yaşıl soğan və ya ispanaq. Hərdən isə sadəcə olaraq kərə yağı, xama və pendirlə sevirəm.

Qabığı mən sevirəm, çünki yumşaq kartofa dadlı xırçıltı qatır, amma əgər istəmirsinizsə yeməyin, sadəcə bilin ki, eyni dad olmayacaq. ;) Və qabığı yaxşıca sürtüb təmizləmisiniz deyə qorxmaya bilərsiniz. :)

Nuş olsun. Bu da dadlı,ləzzətli,sadə kartof bişməsi.


No comments:

Post a Comment